.Əziz SəlamiQafqaz Dağları Yollarında9Qrız kəndinin ulduzlu gecəsi gözlərini fırtınalı bir səhərə a…
انتشار: 2026/07/06 18:49 UTC
.Əziz SəlamiQafqaz Dağları Yollarında9Qrız kəndinin ulduzlu gecəsi gözlərini fırtınalı bir səhərə açdı. Güclü küləyin uğultusu otlaqlara, dağlara qovuşmaq istəyən - mələyən, böyürən qoyun-quzunun, naxırın rahatsız səsini batırırdı. Yağış damlaları yumruq-yumruq olub qapı-bacanı döyəcləyir, kəndin küçələrində irəliləməyə çalışanları amansızcasına yumruqlayırdı. Səhər yeməyindən sonra hava get-gedə açıldı. Dağların üzərinə toplaşan tutqun buludlar dağıldı və mavi göy üzünü parça-parça başımızın üzərinə sərdi. Kəndin çobanı sürüsü ilə kənddən uzaqlaşarkən biz də hər günkü kimi çantalarımızı arxamıza taxıb yola düşdük. Bu gün yolumuz bir dağ zirvəsindən keçəcəkdi. Oradan dərin dərələrə endikdən sonra gecələyəcəyimiz Laza kəndinə aparacaqdı bizi. Kənddən xeyli aralanmışdıq ki, bələdçimiz zirvədən keçə bilməyəcəyimizi bizə bildirdi. Çünki yeni yağmış qardan dağın başından dərələrə enmək təhlükəli ola bilərdi bizə. Bu xəbərlə zirvə sevincimizi itirsək də, bələdçimizin məsləhəti ilə razılaşıb arabir qar zolaqları ilə naxışlanmış yamaclarla irəliləməyə başladıq. Bir azdan hələ göy üzündə veyillənən seyrək buludlar da çəkilib getdi və dağlardan aşağılarda əngin bir üfüq açıldı. Dumduru mavi göylərin altına səpələnmiş uzaq kəndlər, otlaqlar, qoyun-quzu sürüləri və dağlar göründü. Cığırımız yamaclarla qıvrıla-qıvrıla dərələrə endi. Qarlı zirvələrdən saçılan hündür bir şəlalənin qovuşduğu axar su başında bir az dincəldikdən sonra yolumuzu sürdürüb getdik. Bir az irəliləmişdik ki, bələdçimiz: ”Başında buludlar olan o uca dağı görürsünüzmü?” - dedi, “o dağın altında bizim Laza kəndimiz yerləşir”. Biz Laza kəndinə çatanda artıq hava büsbütün parlaq olmuşdu və günəşin istisini canımızda duyurduq. Gecələyəcəyimiz evə çatdıq. Yolda islanmış ayaqqabılarımı, corablarımı çıxarıb bağçanın otları üstünə sərdim. Qonağı olduğumuz ev sahibinin iri bir sinidə gətirdiyi istəkan-istəkan ətirli çay bizə ən gözəl bir “Xoş gəldiniz!” oldu. Sonra hər birimiz öz otağına çəkilib yuyunmaqla, günlər boyunca bir-birinə dolaşmış çirklənmiş pal-paltarımızı ora-bura sərməklə axşamı gözləməyə başladıq. Axşam güclü bir fırtına qopdu. Göylər dağları qaldırıb dərələrə çırpacaqmış kimi gurladı, ildırımlarla sardığı şıdırğı yağışı kəndin başına çırpdı. Havanın qaralması ilə, hələ də yağan yağışdan qorunaq deyə, axşam yeməyi üçün hazırlanmış otağa qaçmağa başladıq. Ertəsi gün gecə fırtınasını bizə unutdurmaq istəyirmiş kimi gözəl bir günə yol açdı. Laza kəndində bir daha gecələyəcəyimiz üçün özümüzlə ancaq dağ çantamızı götürüb Kuzun kəndinə doğru yola düşdük. Kuzuna az qalmışdıq ki, yolun sağ əlində dağ başında çox gözəl villalar göründü. Bir-birinin yanına düzülmüş, hündür uçurumun qaşından bizi güdürmüş kimi dərin dərəyə baxırdı. Bələdçimizdən bu kimin villaları olduğunu soruşanda o,”Prezidentimizin rezidensiyasıdır”, - dedi. Yuxarı çıxıb onlara baxmaq olarmı sorumuza: ”Xeyr, olmaz, qadağandır!” deyə cavab verdi. Axşamüstü biz yenə də Laza kəndinə dönmüşdük. Bununla da bizim Qafqaz dağları yollarında yolçuluğumuz sona çatmışdı. Laza kəndi də Qrız və Kuzun kəndi kimi ləzgi kəndi idi. Sakinləri öz dillərində danışırlar. Bu vətəndaşlarımız da gəzdiyimiz bütün kəndlərin insanları kimi çox mehriban və qonaqsevərdirlər. Bir neçə gün də maşınla gəzdik. İlisu, Sarıbaş, Lahıc kəndlərini gördük. Sarıbaş kəndinə getmək üçün, helikopterin yoxdursa, ən yaxşısı qanadların olmalıdır! Kənd büsbütün boşalmışdır. Uca dağların yaşıl qucağına sığınmış bu kəndin hələ yaşamaqda olan bir neçə evi yetim bir uşaq kimi görünür. Sarıbaş kəndinin boşalmış evləri mənə bir rəssamın zövqlə işlədiyi gözəl tabloları xatırlatdı. Heç nədən xəbəri olmayan uşaqların oyuncağına çevrilmiş, onların əllərində sökülüb dağılmış, çərçivələrindən çıxarılıb cırıq-cırıq edilmişdir! Bu evləri bu qədər zəhmət və sevgiylə tikmiş insanları bu gözəl, doğma yuvalarından pərən-pərən salan hansı səbəb olmuşdur?! Lahıcın əhalisi yüz illər öncə İranın Lahican şəhərindən buraya gəlmişdir. Onlar da öz dillərində danışırlar..


