.10Bütün ölkədə adı çəkilən, hətta bizim kimi uzaqlardan gələn turistlərin buradan görüş etdikləri…
انتشار: 2026/07/06 18:49 UTC
.10Bütün ölkədə adı çəkilən, hətta bizim kimi uzaqlardan gələn turistlərin buradan görüş etdikləri bu maraqlı kəndin bərbad yolu insanı heyrətə salır! Bir gecəmiz də Şəki şəhərində keçdi, gözəl və şirin bir şəhər olan Şəkidə. Şəkinin bir küçəsinin kənarında durub gənc analarının əlindən yapışıb səhər-səhər məktəbə gedən uşaqlara baxırdım. Düşünürdüm bu uşaqların birindən Təbrizi tanıdığını soruşsan, inanmaq olar ki, bu adı heç eşitmədiyini deyəcəkdir. Bəlkə bir gün artıq böyümüş bu uşaqdan həmin sözü soruşsan, deyəcək ki: ”Necə yəni Təbrizi tanıyırsan! Təbriz mənim böyük vətənim Azərbaycanın baş şəhəridir!” Mən o gün dünyada olmasam da, o böyümüş uşağın sözlərindən bir daha dünyaya gələcəyəm. Bələdçimiz bizi axşam yeməyi üçün apardığı yeməkxana şirin bir nağılda yerləşmişdi sanki. İnanmaq olmurdu ki, kiçik bir şəhərdə bu qədər gözəl bir yeməkxana ola bilər: Min bir gecə nağılından gəlmiş kimi! Dadlı yeməklərinə oxunan mahnılar və azad qızlarımızın, qadınlarımızın şən rəqsləri də qarışıb bizə unudulmaz bir xatirə yaşatdı. Yeməkdən sonra üç dəfə hesab gətirməli oldular, çünki hesabı yoxladığımız zaman bir-biri ilə uyuşmurdu! Bakıya dönərkən Quba şəhərindən bir dəfə də keçdik və bu dəfə orada gəzib dolaşmağa vaxtımız vardı. Qubanın evləri payızda köçüb getmiş quşların mahnısız yuvalarını xatırladır insana! Boş, uzun, kimsəsiz küçələrini süzdükcə içimdə bir çox vaxtlar səslənən “Qubanın ağ alması” mahnısı susub çox uzaqlara çəkildi! Vətənimizin Quzeyinin bir çox yerlərində duyduğum kimi, Quba da qalın bir durğunluq tozu altında mürgüləyirdi. Bir gün şən və canlı bir bahar küləyi ilə oyanıb qalxa biləcəyi heç hiss olunmurdu! Qubadan birbaşa “Qafqaz dağları yollarında” yolçuluğumuzun son mənzili olan Bakıya yollandıq.Ardı var..


