.Əziz SəlamiQafqaz Dağları Yollarında4Artıq Bakıdan uzaqlaşmışdıq. Quru təpələrin yorucu görünüşü,…
انتشار: 2026/06/27 20:38 UTC
.Əziz SəlamiQafqaz Dağları Yollarında4Artıq Bakıdan uzaqlaşmışdıq. Quru təpələrin yorucu görünüşü, arabir təpələrin qoynuna səpələnmiş quraq kəndlərin uzaqdan görünən az ağaclı evləri o günün axşamı çatacağımız uca dağlar qoynunda yerləşən ilk kəndin xəyalını daha da şirinləşdirirdi.Yolumuzun üstündə bir neçə rayonlardan keçdik ki, onlardan biri də Quba rayonu və eləcə də Quba şəhərinin özü idi.Bu şəhərin xəyalı ilə çox yaşamışdım. Çox sevdiyim ”Qubanın ağ alması” mahnısını hər eşidəndə, heç vaxt görmədiyim bu şəhərdən xoş bir görüntü canlanmışdı xəyalımda.İndi isə bu şəhərin baş küçəsi ilə, maşınları yara-yara irəliləyirdik. Bələdçimizdən şəhərin gözəl yerlərinin harada olduğunu sorduqda, onun mənə verdiyi cavab xəyalımda yaşatdığım Quba ilə heç cür uyuşmurdu!“Elə Quba budur, bu şəhərin görməli yerləri çox azdır!” - dedi bələdçimiz. Onun bu sözlərindən sonra mən düşünürdüm: “Nə yaxşı ki, ömrümüz boyunca xəyalını qurduğumuz, amma heç vaxt görə bilmədiyimiz bir çox şeyləri, yerləri və insanları belə görmək bizə qismət olmur!”Qubadan sonra görünməyə başlayan bir çox görüntülər mənim düşündüklərimə bir təsəlli kimi oldu. Uzaqlardan başı qarlı dağlar boylandı, yaşıl dərələr, çöllər açıldı yolumuzun önündə. Yolun hər iki yanını örtən sıx yarpaqlı ağacların altında ard-arda düzülən yeməkxanalar, qoşa qarınlı, qosqocaman, təpəsi buğlanan samavarlar armudu istəkanları ilə yoldan keçənləri xoş qoxulu çaya çağırırdılar. Avropadan gəlmiş qrupumuzun içində yalnız mən idim ki, bütün bu gördüklərimi yad bir gözlə seyr etmirdim. Sanki vətənimin mahnıları idi samavara, istəkanlara çevrilmişdi və bunlardan aldığım duyğular içimi qızındırırdı.Biz Xınalıq yolunu tutub getdik. Çox uçurumlu, arabir də qorxulu bir yol idi yolumuz. Aşağıda isə coşqun bir çay axırdı. Dağ kəndlərinin o vaxtacan eşidilməyən səsini ölkənin hər yerində yaymaq istəyirmiş kimi gurlayır, yalçın qayalara çarpılaraq axıb gedirdi.Günorta vaxtı Haput kəndinə çatdıq - dağlar qoynuna sığınmış çox kiçik bir kəndə. Orada bir az dincəlib, yeyib - içəndən sonra yolumuza davam etdik. Axşamın dağlara düşməsi və uca dağların başını örtən qarın qaralması ilə gecələyəcəyimiz ilk mənzilə - Xınalıq kəndinə çatdıq.Bu kənd Azərbaycanın və Avropanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən (Təxminən 2350 metr), 5000 ildən çox tarixi olan ən qədim yaşayış yerlərindən biridir. Kənd Baş Qafqaz dağlarının qayaları qoynuna sığınmışdır.2023-cü ildə UNESCO - nun Ümumdünya İrsi Siyahısına daxıl edilmişdir.1800, 2000 arasında əhalisi var bu dəndin və dünyanın heç bir yerində danışılmayan bir dildə danışır insanları. Xınalıq Tufandağ, Şahdağ və Qızılqaya kimi başı qarlı uca dağların qoynundadır. Xınalıq dilində bir kitab da gördük kənddə. Bu kitab Azərbaycan hökuməti tərəfindən hazırlanmışdır.Bu kəndin insanlarının dilində olan sözlərdən bir neçəsi ilə tanış olaq:Su - XıÇörək - KafiDağ - SondaYol - MıdeAt - PşeEv - KəUşaq – XıdQız – RişOğlan – GadaQoyun – LəkPişik – GəşKəndin iri bir daş evində axşam yeməyini yeyəndən sonra hər birimiz bir ailənin qonağı olduq. Bütün qrupda qrupdan ayrılmaq sevincini dərindən duyan yalnız məni idim. Çünki öz dilimdə öz xalqımın insanları ilə danışacaqdım; onların sözlərini eşitmək marağı içimi bürümüşdü!Məni evinə aparan kəndli ilə gedərkən başımı qaldırıb göy üzünə baxdım. Uca dağlar qaranlıqda qocaman kölgələrə çevrilmişdilər – sanki göylərin sonsuz ulduzları öz əzəmətini insanlara göstərsin deyə, dağlar öz böyüklüklərini gecənin qaranlığında gizləmişdilər. Ardı var..


