.Əziz SəlamiQafqaz Dağları Yollarında12Daldığım bu yuxu nə qədər dərin və şirin olsa da, sabah oyan…
انتشار: 2026/07/13 19:18 UTC
.Əziz SəlamiQafqaz Dağları Yollarında12Daldığım bu yuxu nə qədər dərin və şirin olsa da, sabah oyanmalı olacağımı da özümdən gizləyə bilmirdim! Odur ki, mənim olan yalnız bu bir günü son anına qədər sevdiyim kimi yaşamaq istəyirdim. “Azərbaycan Xalça Muzeyi”ni gedib görmüşdüm. Türkiyədə də hər zaman xalça sərgilərini, xalça satılan yerləri sevərək görmək istəmişdim; rənglərə aclığımı ayrı-ayrı naxışlarda və rənglərdə olan xalçaları süzməklə doyurmağa çalışmışdım! “Xalça Muzeyi” kimi bir xalça dünyasının qapısı yalnız Bakıda üzümə açıldı. Orada gördüyüm xalçalar yalnız xoş naxışları və heyranedici rəngləri ilə deyil, eləcə də sənət dəyərləri baxımından da məni heyrətə salmışdı. Salvador Dali kimi, Rene Magrit kimi rəssamlar sehrli xəyal dünyalarını kətan üzərində rənglərlə deyil, rəngarəng ipliklərlə dəzgahlarda xalça-xalça toxusaydılar, mənim bu muzeydə gördüyüm xalçalar kimi ola bilərdi. İlk dəfə idi ki, mən ömrümdə xalçaların da böyük rəssamların yaratdığı tablolara çevrildiyinin şahidi oldum. O xalçaların qarşısında durub uzun-uzun onları seyr etdim, düşüncələrə dalıb, onların boyaları və biçimlərinin açdığı sirlərlə dolu bağlarda gəzib dolaşmaqdan dərin zövq aldım.“Azərbaycan Milli İncəsənət Muzeyində” isə iki dəfə ola bildim, Avropa rəssamlarının əsərlərini görməyə vaxtımın çatmadığına “Olsun...Avropada görərəm!” deməklə toxtaqlıq verməyə çalışdım! İndi də yolum “Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası”na gedirdi. Olduqca gözəl olan “Xaqani bağı”nın kənarı ilə gedir havanın istisini bağın sularının sərin pıçıltıları ilə yüngülləşdirirdim!Bağın bir oturacağında, iri bir ağacın altında oturmuş orta yaşlı bir kişidən kitabxananın harada olduğunu soruşdum. O, mənim bakılı olmadığımı bildi. “Haralısan qardaş?” deyə ayağa qalxdı. Mən Güneydən olduğumu deyincə ounun sevindiyini və duyğulandığını dərhal üz-gözündə və səsində hiss etdim. “Otur, otur yanımda qardaş! Burada bir az danışaq, sonra birlikdə gedərik göstərərəm!” dedi. Mən vaxtımın çox az olduğunu deyib ona zəhmət vermək istəmədiyimi də bildirdim. O isə əl çəkmədi, mənimlə mütləq gələcəyini vurğuladı. Biz birlikdə Milli Kitabxanaya doğru yeridik. İlk sözlərindən onun Güney Azərbaycanın taleyi ilə çox maraqlandığını anladım. O, mənim də bununla bağlı nə düşündüyümü bilmək istədi. Mən sözü uzatmayım deyə, qısaca fikrimi ona açmaq istədim: “Qardaşım!” dedim, “mənim nə düşündüyümü bilmək istəyirsənsə, mən demək istərdim ki, bizim - yəni hər iki Azərbaycanın doğru qurtuluşuna tək bir yolumuz var, o da birdəfəlik birləşib böyük vətənimiz Azərbaycanı qurmaqdır. Yoxsa hər iki Azərbaycan ondan-bundan asılı qalacaq, hər iki Azərbaycan kiçik olduğundan hər zaman təhlükələrlə üz-üzə gələcəkdir. Gözümüzün önündə dünyamız zor və quldurluğa doğru gedir, uluslararası bütün qanunlar və anlaşmalar öz dəyərini itirmişdir. Güclü olan dövlətlər özündən zəif olanları əjdaha kimi kamına çəkməyə başlamışdır. Belə bir dünyada biz yalnız özümüzə güvənə bilərik, öz gücümüzə, milli iradəmizə və bizim olan maraqlarımıza. Bu da yalnız birləşməyimizlə mümkün ola bilər..


